Dünyanı gözləyən aclıq təhlükəsi: Azərbaycan nə etməlidir? | TƏHLIL

      Dünyanı gözləyən aclıq təhlükəsi:    Azərbaycan nə etməlidir?    | TƏHLIL
  03 İyun 2022    Oxunub:4299
Qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra hələ belə vəziyyətə düşməmişdi. İnflyasiya cızığından çıxıb, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir, şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzilbaşına çatdırılması getdikcə çətinləşir, istehsal və ticarət əlaqələri qırıla-qırıla gedir. İnkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ciddi narahatlıq hökm sürür. Buna səbəb doğrudanmı ancaq Rusiya-Ukrayna müharibəsidir?!
Xeyr. Bütün bunlar özünü keçən ilin əvvəlindən büruzə verməyə başlayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi isə odun üstünə benzin tökdü. Bu baş verməsəydi, bir sıra mənfi tendensiyalar cari ilin ilk yarısının sonuna kimi ortadan qalxacaq və hər şey tamamilə 2019-cu ildəki vəziyyətə qayıdacaqdı.

Ancaq indi qarşıda ərzaq böhranı və aclıq təhlükəsi gözlənilir. Özü də bütün dünyada...Və aparıcı ölkələrin hökumətləri, beynəlxalq qurumlar inkişafdan və normallaşmadan deyil, ancaq ərzaq qıtlığından necə xilas olmaq barədə müzakirələr aparırlar. Xüsusən də, buğda istehsalı, tədarükü və təminatı sahəsində ilin ikinci yarısı ərzində fors-major halının meydana çıxmaması üçün müvafiq həll yolu axtarılır.


Yeri gəlmişkən, bu sahədə də problemin Rusiya-Ukrayna müharibəsi nəticəsində meydana çıxdığı düşünülsə də, elə deyil. Düzdür, hər iki ölkənin dünya üzrə taxıl istehsalı və tədarükündə payı çoxdur. Lakin taxıl istehsalı, tədarükü və təminatında problemlər Rusiya-Ukrayna müharibəsindən əvvəl dövriyyəyə daxil olub.

Ukraynalı ekspert: “Bir sıra ölkələrdə ərzaq qiyamları gözlənilir” – MÜSAHİBƏ
2020-ci ildə dünyanı ağuşuna alan pandemiya şəraiti ən böyük zərbələrindən birini məhz kənd təsərrüfatına vurdu. Pandemiya ötən ilin əvvəlindən tədricən aradan qalxmağa başladı. Lakin ixracçı ölkələr bəyanat verməyə başladılar ki, taxıl istehsalına böyük zərbə dəydiyindən nəzərdə tutulandan xeyli az məhsul əldə edilib. Odur ki, böyük taxıl istehsalçısı olan ölkələr pandemiyadan yeni çıxdıqları üçün 2021-ci ildə də istehsalın əvvəlki həcmdə olmayacağını və ixracı azaldacaqlarını bildirdilər. Söhbət, keçən ilin yanvarından gedir. Həqiqətən də ilin sonuna doğru taxılın dünya bazar qiymətləri tədricən artdı. Qiymət artımı özünü əvvəl xırda fərqlərlə göstərsə də sonradan böyük sürət aldı. Çünki həm əvvəlki ildə lazımı səviyyədə məhsul istehsal olunmamışdı, həm də az əkin həyata keçirildiyi üçün 2021-ci il ərzində də az məhsul götürüldü.

Rusiya, Ukrayna, Kanada, ABŞ, Hindistan taxıl ixracına hələ keçən ildən kvotalar tətbiq etməyə başlamışdılar. Qlobal iqtisadiyyatda problemlər ilkin olaraq pandemiya səbəbindən meydana gəlmişdi. Rusiyanın bu ilin fevralında Ukraynaya hücum etməsi sadəcə, odun üzərinə benzin tökdü. Və nə qədər ki, Ukraynaya qarşı hərbi təcavüz davam edəcək, problemlər kəskinləşəcək.


Bəla təkcə bundan ibarət deyil. Kəskin quraqlıq, temperaturun yüksək olması, qasırğa və sair kimi amillər müharibə regionundan çox-çox uzaqda yerləşən ABŞ, Hindistan, Fransa və digər ölkələrdə də bilavasitə ərzaq buğdası istehsalı və tədarükünə “balta vurub”. Cari ildə adları çəkilən ölkələrdən hansısa töhvə gözləmək əbəsdir.

Bəs belə şəraitdə ölkəmiz ərzaq böhranından yan keçə biləcəkmi? Ümumiyyərlə, ilin sonuna bizi nə gözləyir ?

Azərbaycan pandemiya şəraitindən uğurla çıxdı. Düzdür, iqtisadiyyatımız 4,3 faiz gerilədi, sosial istiqamətdə nəzərdə tutulan islahatlar davam etdirilə bilmədi, istehsal dalana dirəndi, işsizlik az da olsa artdı, daxili və xarici ticarət zəiflədi və sair. Ancaq qiymətlər artmadı, istehlak bazarında qıtlıq yaranmadı, iflas faktı ortaya çıxmadı, makroiqtisadi tarazlıq pozulmadı. Çünki hökumət cəld tərpəndi, qabaqlayıcı tədbirlər gördü, sosial istiqamətdə kompensasiya xarakterli maliyyələşdirmələr, iş adamları və sahibkarlara müvafiq maliyyə dəstəyi və sair həyata keçirdi.

Bəli, ölkəmiz ərzaqlıq buğda sarıdan idxaldan asılı vəziyyətdədir. Yerli istehsal hesabına özümüzü cəmi 58 faiz təmin edirik, 42 faiz idxaldan asılı vəziyyətdəyik. Əsas idxalçılarımız ilk yerdə Rusiya, ikinci sırada isə Ukrayna idi. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmininin əsasını ərzaq buğdası sarıdan tələbatı məhz yerli istehsal hesabına qarşılamaq təşkil edir. Yəni taxıla olan tələbatımızın heç olmasa 85 faizini yerli istehsal hesabına təmin edə bilsək, məsələ həllini tapmış sayılacaq. Bu baxımdan, dünyada yaranmış vəziyyətdən Azərbaycanı tam sığortalamaq mümkün deyil. Bunu cari ilin yanvar ayında çörəyin və digər un məhsullarının qiymətlərinin artması bir daha sübut etdi.

İlin ikinci yarısında, xüsusən də payıza və qışa doğru ölkədə un və un məhsullarının qiymətlərinin yenidən bahalaşacağı qaçılmazdır. Lakin ölkəmiz aclıq təhlükəsilə üzləşməyəcək. Çünki hökumət bütün lazımi tədbirləri görüb və görür. İlin əvvəlindən bəri ərzaqlıq buğda idxalı birə-beş artırılıb. Eyni zamanda bu il işğaldan azad olunmuş ərazilərimizdə keçən il aparılan əkin işlərindən də əlavə məhsul götürüləcək. Orada böyük məhsuldarlıq gözlənilir, çünki torpaq keyfiyyətlidir, suvarma imkanları genişdir.

Xatırladım ki, Rusiyanın Ukraynaya müdaxiləsindən bir qədər öncə dövlət başçımız İlham Əliyev Ukraynaya rəsmi səfər etmişdi. Orada imzalanan dövlətlərarası sazişlərdən biri ölkəmizin məhz ərzaq təhlükəsizliyinə aid idi. Razılaşmaya əsasən biz bu ölkədə icarəyə götürəcəyimiz ərazilərdə ərzaqlıq buğda əkin və biçini ilə məşğul olacaqdıq. Təəssüf ki, bu, indi havadan asılı vəziyyətdə qalıb.

Bugünlərdə isə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri ölkəmizə səfərə gəlmişdi. İsrail 2025-ci ildə bizdən satın almaq məqsədilə ölkəmizi buğda yetişdirmək üzrə ən son aqrotexniki texnologiyalarla təmin edəcək. Bu o deməkdir ki, ərzaqlıq buğda üzrə bu gün özünü cəmi 58 faiz təmin edən Azərbaycan 10-12 ildən sonra bu sahədə ixracçıya çevriləcək. Adı çəkilən ölkənin naziri qeyd etmişkən, İsrailin yaxşı dostu olan Azərbaycan buğda alacaqları ilk təchizatçı ölkə olacaq. "İsrail özü üçün buğda yetişdirə bilməz, biz çox kiçik ölkəyik. Bizə lazım olan buğdanın yalnız bir hissəsini yetişdiririk, qalanını isə xaricdən alırıq."- deyə, İsraili nazir bildirib.

Demək istədiyim budur ki, təşvişə düşməyə lüzum yoxdur. Hökumət yaxın və orta perespektiv üçün tədbirlidir. Əsas məqsəd uzaq perespektivdir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Ərzaq-böhranı  





Xəbər lenti